Nədən başlayım? Gənc PM-in yol xəritəsi (Hər şey hələ qabaqdadır)
Son zamanlar ən çox aldığım suallardan biri: “PM (Product Manager) olmaq üçün nə etməliyəm? Nədən başlamalıyam?”.
Təbii ki, bu suala cavab bir deyil, çünki fərqli insanların fərqli də təcrübəsi olur. Burada qeyd edəcəklərim mənim tanış olduğum və uyğun bildiyim addımlardır. Bu səbəbdən tam belə etməliyəm düşünməyin. Özünküləşdirin :)
1. İngilis dilini ən az Pre-intermediate səviyyədə bilin.
Məhsulların işıq sürəti ilə doğulub və öldüyü yer Silicon Valley-dir. Ən yeni, ən maraqlı və ən düşündürən informasiya ingilis dilində paylaşılır. Ümumiyyətlə tech sahəsində materiallar ingilis dilindədir. Bu səbəbdən ingilis dilini bilmək şərtdir. Oturub kiminsə sizin üçün tərcümə etməyini gözləsəniz, o məlumat köhnələcəq. Burda sürət önəmlidir.
2. Komputerlə dost olun.
Nəsə probleminiz yarananda dərhal kimisə çağırıb kömək istəməyin. Birinci özünüz fiks etməyə çalışın. İnanın bu sizə çox şeyi öyrədəcək. Əgər laptopunuzda yaranan xırda problemi özünüz həll edə bilmirsinizsə, PM olmaq barədə bir də düşünün. Çox guman bu sizin peşə olmaya bilər…
3. Terminləri öyrənin
Təbii ki, terminləri sadəcə əzbərləmək sizə heçnə verməyəcək. Bu səbəbdən çoxlu oxumalısınız-öyrənməlisiniz. Məqalə, kurslar, videolar, kitablar və s. Bunlara gündə cəmi 20 dəqiqənizi ayırsanız, 1 aya baza terminləri biləcəksiniz. Tez-bazar göz gəzdirmək üçün isə aşağıdakı linklərdən
faydalanmaq olar:
- https://www.productplan.com/glossary/
- https://productschool.com/product-glossary/
- https://www.agilealliance.org/agile101/agile-glossary/
- https://www.scrum.org/resources/scrum-glossary
4. Product nə deməkdir? Necə ərsəyə gəlir? - addımlarla tanış olun
Son nəticə nə olursa olsun, hər bir məhsulun ərsəyə gəlməsi üçün müəyyən bir proses olur və bu prosesin də addımları olur. Burada etapları sadalayıb vaxtınızı almaq istəmirəm. “Software Development Life Cycle” yazıb bu haqda geniş məlumat ala bilərsiniz. Just Google it! :)
5. Product növlərini tanıyın
Hansı növ soft məhsulları var? Onları fərqləndirən nədir? Bəs ortaq xüsusiyyətləri? Nə vaxt hansını yaratmaq daha doğru olar?
6. İdeya və onun validasiyası metodlarını öyrənin
İstənilən bir məhsul ideyadan başlayır. İdeya beyin məhsuludur. Fərqli ideyaları necə validasiya etmək olar? Hansı metodu nə vaxt tətbiq etmək lazımdır? Daxili, Xarici və Eksperiment validasiyalar nədir? Necə aparılır?
7. İdeyadan Dizayna
Məşhur bir deyim var: 1 şəkil 1000 sözü əvəz edir. Məncə məhsulun 1 prototipi də 100 müzakirə görüşünü əvəz etmək iqtidarındadır. Təsdiqini tapdığınız (Validasiya edilmiş) ideyanın prototip şəklinə gəlməsi üçün https://balsamiq.com/
https://www.sketch.com/
https://www.invisionapp.com/
https://www.adobe.com/products/xd.html və s. bu kimi alətlərdən
istifadə edə bilərsiniz. Təbii ki, bunların hamısını bilməyə ehtiyac yoxdur. Başlanğıc olaraq balsamiq kifayyət edər. Ancaq işinizin daha böyük entuziazmla qarşılanmağını istəyirsinizsə, digər fotomontaj əlatlərini öyrənməkdə fayda var.
Bəxtiniz gətirsə, UI/UX komandası olan şirkətdə işləyəcəksiniz. Belə olan halda işiniz xeyli rahatlaşır və qabiliyyət olaraq bunları öyrənməsəniz də olar, ancaq Qrafik Dizayn əsasları və UX baza bilikləriniz olsa, ərsəyə gətirdiyiniz məhsul həm gözəl, həm istifadəsi rahat olar.
Bu istiqamətdə faydalı olacaq resurslardan:
1. https://www.youtube.com/watch?v=YqQx75OPRa0&list=PLx03_0RRvUEE8w_ipVLwBjr9glIlU9G8M
(6 videodan ibarət qısa izah)
2. UX for beginners Joel Marsh (kitab)
3. Don’t make me think Steve Krug (kitab)
8. Müxtəlif komandalarla iş
Developerlər nə edir? Onlarla necə danışmaq lazımdır ki, səni yola verməsinlər və ya ən pisi ümumiyyətlə saymasınlar? Çünki vəzifə adında menecer sözü olsa da sən insanları idarə etmirsən, prosesi idarə edirsən. Demək prosesi elə qurmaq lazımdır ki, ona tam da olmasa müəyyən dərəcədə riayət olunsun.
Yaxşı DevOps komandası? Bəs DataBase? Marketing? Satış? Maliyyə? Stop stop stop. Bir az çox oldu. Çoxdur, amma iş orasındadır ki, PM olaraq bütün burda qeyd olunan və şirkətdən asılı olaraq dəyişə bilən komandalarla layihənin müxtəlif etaplarında bir-başa əlaqədə olacaqsınız. Əl-ələ verib işləyəcəksiniz və çox guman proaktiv tərəf siz olacaqsınız. Çünki məhsul sizindir və onun taleyi tam da olmasa bir çox anlamda sizdən asılıdır.
Yazılanlardan da aydın olduğu kimi bu komandalar nə edir və layihədə əsas rolları nədir, sizə necə kömək ola bilərlər və s. bu kimi suallara cavab tapmalısınız.
9. Development metodologiyaları
Onsuz mətn uzun alındı, bu səbəbdən vaxtınıza qənaət etmək üçün çox qısa qeyd edim. Azərbaycanda ən çox yayılmış cəmi 3 metodologiya tətbiq olunur:
1. Waterfall;
2. Agile.
3. Waterfall və Agile qarışığı.
Agile daha populyardı. Agile ruhunda ən məşhur işin təşkili yolu SCRUM-dır. Ətraflı: scrum.org
10. Public speaking (İctimayət qarşısında çıxış etmək)
PM üçün olmazsa, olmazlardandır. PM-in ən çox gördüyü iş danışmaqdır/izah etməkdir/ hansısa fikri çatdırmaqdır. Bu səbəbdən danışığınız üzərində işləyin. İstifadə etdiyiniz səs tonu, duruşunuz, mimikalarınız, hətta bəzən bədən diliniz belə bu məsələdə çox böyük rol oynaya bilər. Fikirlərinizi əsaslandırmağı öyrənin.
11. Təqdimat bacarıqları
Əgər biz çoxlu danışırıqsa, deməli bunu yormadan etməliyik. Yormadan etmək üçün isə, qısa təqdimatlardan istifadə etməliyik. Təqdimat nədir? Necə edilməlidir? Satış/Demo/Məlumatlarndırma və s. tipli təqdimatların strukturu necə olmalıdır? Təqdimat mətni necə başlayıb, necə bitməlidir? Auditoriyanın diqqətini necə saxlamaq olar? Fərqli auditoriyalar üçün necə fərqli təqdimat etmək olar və s. suallara cavabları araşdırın.
12. E-mail yazmağı öyrənin.
PM olaraq saysız hesabsız emaillər alacaqsınız. Onları elə cavablandırmalısınız ki, boz və darıxdırıcı mətndən qarşı tərəf istədiyini yox, sizin ötürmək istədiyinizi anlasın. Bu isə o deməkdir ki, sözlər və cümlələriniz birmənalı olmalıdır. Mətn aydın yazılmalı, yazılanlar əsaslandırılmalıdır. Ümumiyyətlə email yazmaq ayrıca bir sənətdir. Çox guman bu haqda başqa bir not alaram.
Burada bu uzun mətni yekunlaşdırmaq istəyirəm. Hər şeyi qeyd etsəm, mənasız olar. Yeni başlayan bir PM üçün bu yetərlidir. Sənədlərin yazılması, backlogun təşkili, prioritetləşdirmə, müştəridən feedback alma və s. detallar da var, ancaq elə qabiliyyətlər var ki, onları etməklə öyrənmək daha yaxşıdır.
Hələlik isə bu qədər. Özünüzü qoruyun. Kim olmağınızdan asılı olmayaraq, həyatdan nə istədiyiniz önəmlidir. Çünki bizi irəliyə aparan budur.
Müəllif: Zümrüd Hüseynova
ATL Tech / Məhsul İnkişafı üzrə Mütəxəssis