Bakı Dövlət Universitetində iOS mobil proqramlaşdırma üzrə seminar təşkil edilib
Bakı Dövlət Universitetində (BDU) “iOS mobil proqramlaşdırma” mövzusunda maarifləndirici seminar keçirilib. Tədbir BDU Karyera Mərkəzi və ATL Akademiyanın birgə əməkdaşlığı çərçivəsində təşkil olunub.
Seminarın məqsədi tələbələrə mobil tətbiqetmələrin hazırlanması sahəsində müasir biliklərin təqdim edilməsi, bu istiqamətdə real layihə təcrübələrinin paylaşılması və gənclərin informasiya texnologiyaları sahəsinə marağının artırılması olub.
Tədbirdə ATL Akademiyanın təcrübəli mütəxəssisləri iOS platformasında tətbiq hazırlama prosesinin əsas mərhələləri, Swift proqramlaşdırma dili, interfeys dizaynı və App Store-da tətbiqlərin yerləşdirilməsi barədə iştirakçılara ətraflı məlumat veriblər.
Seminar zamanı tələbələr praktik nümunələr üzərində işlərlə tanış olub, mütəxəssislərə öz suallarını ünvanlayıblar.
Bakı Dövlət Universitetinin Karyera Mərkəzinin rəhbərliyi qeyd edib ki, bu kimi tədbirlər tələbələrin əmək bazarına hazırlığını artırmaq, onların texnoloji trendlərlə ayaqlaşmasını təmin etmək baxımından mühüm əhəmiyyət daşıyır.
ATL Akademiyanın nümayəndələri isə Bakı Dövlət Universiteti ilə əməkdaşlığı davam etdirmək, gələcəkdə daha genişmiqyaslı təlimlər və praktiki layihələr həyata keçirmək niyyətində olduqlarını bildiriblər.